İSO 22000 standartının tətbiqi ilə “Dəvəçi Broyler”də bir çox dəyişikliklər edilib
Son illər bir çox şirkətlər fəaliyyətində İSO 22000 standartlarının tətbqiqinə böyük önəm verirlər. Qeyd edək ki, yeyinti məhsullarının təhlükəsizliyi standartı olan İSO 22000:2005-ci ildən başlayaraq qüvvəyə minib. Ölkəmizdə də İSO 22000-nin tətbiq olunma səviyyəsini və bunun yeyinti şirkətləri üçün nə dərəcədə vacib olduğunu araşdırmaq məqsədilə bu standartın tətbiq olunduğu “Dəvəçi Broyler” şirkətinə müraciət etdik. Xatırladaq ki, şirkət MDB ölkələrindəki quşçuluq fabrikləri arasında bu standartın tətbiq olunduğu çox az müəssisələrindən biridir.
Bu haqda danışan şirkətin baş direktoru Zakir Əzimov bildirdi ki, 2007-ci ilin sonlarından başlayaraq “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətində beynəlxalq İSO 22000 standartının tətbiqinə başlanılıb ki, bu da müəssisə üçün ən önəmli məsələlərdən biridir. Ümumilikdə yeddi mərhələdən ibarət olan standartın tətbiq olunma prosesi bitdikdən sonra, yəni bu ilin sonlarında müəssisə bütün dünyada tanınan və qəbul edilən İSO 22000 sertifikatını almaq imkanını əldə edəcək. Bununla da bu günə qədər “Səba” toyuqlarının istehsal prosesi, o cümlədən şirkətin istehsalat sahəsində iş fəaliyyəti, yeni quraşdırılmış müasir avadanlıqların tətbiqi və məhsulların tam təlükəsizliyini təmin etmək üçün görülən işlər müvafiq uyğunluq sertifikatı ilə təsdiq ediləcək: “Müəssisədə tədbirlərin göstərilən standartın tələblərinə uyğun şəkildə həyata keçirilməsi ona yönəldilib ki, istehsal edilən məhsulda insan orqanizmi üçün zərər verə biləcək heç bir səbəb qalmasın. Belə ki, insan orqanizmi üçün azacıq belə narahatlıq doğura biləcək səbəblər texnoloji prosesin elə ilkin mərhələsində nəzarətə götürülüb zərərsizləşdirilir. İstehsal prosesində istifadə olunan bütün vasitələrə, xammalın alınmasına, yem komponentlərinə, hazır məhsulun qablaşdırılmasına, saxlanmasına və alıcıya çatdırılmasına onların təhlükəsizliyi baxımından xüsusi diqqət yetirilir”.
Z.Əzimovun sözlərinə görə bu standartın tətbiqi hər bir şirkətdən ilk növbədə məhz keyfiyyətin yüksəldilməsini və daim diqqətdə saxlanmasını tələb edir: “Biz bir dəqiqə belə məhsulun keyfiyyətinin yaxşılaşdırılması məsələsini diqqətdən qaçırmırıq. Lazım gəldikdə biz bu məqsəd üçün əlavə vəsait ayırırıq, daha təcrübəli mütəxəssislər cəlb edirik, dünyanın ən müasir texnologiyalarını tətbiq edirik. Şübhəsiz ki, bütün bunlar öz müsbət nəticəsini verir. Bir sözlə, müəssisə tərəfindən istehsal edilən quş əti məhsullarının təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi alıcıların bizim məhsula inamını daha da artırır və onlar tam inamla bizim “Səba” məhsullarımızı alırlar”.
Beləliklə, göründüyü kimi, bu gün dünyanın bir çox yeyinti sektoru şirkətlərində tətbiq olunan İSO 22000 standartının Azərbaycanda da tətbiqi müsbət olduğu qədər də məsuliyyətli bir işdir.
Bunun üçün yerli şirkətlərimiz daim keyfiyyətin kəmiyyətindən üstün olması, heç bir halda - ən kiçik məqamlarda belə istehlakçıların hüquqlarının pozulmaması və onların təhlükəsizliyi barədə düşünməlidirlər.